Qazaxıstana Azərbaycandan gətirilmiş avtomobillərlə bağlı maraqlı məqamlar üzə çıxıb

Qazaxıstanın Dövlət gəlirləri Komitəsi müvəqqəti olaraq ölkə ərazisinə gətirilən və müvafiq olaraq gömrük ödənişləri və vergilərdən azad olunan avtomobillərin Qazaxıstan Respublikasında uçota alınması hallarının artdığını açıqlayıb.

Bu cür avtomobillər əsasən Dövlət Gəlirləri Komitəsinin Mangistau vilayəti üzrə departamenti vasitəsilə müvəqqəti olaraq Avrasiya İqtisadi İttifaqının ərazisinə gətirilir.

Komitədən bildiriblər ki, bu cür avtomobillər xarici ölkələrə məxsus olduqlarına görə gömrük nəzarətində qalırlar. “Aİİ-nin Gömrük Məcəlləsinin tələblərinə görə, müvəqqəti olaraq ölkə ərazisinə gətirilmiş nəqliyyat vasitələri bəyannaməçinin faktiki mülkiyyətində və istifadəsində olmalıdır. Lakin tez-tez şəxsi istifadə məqsədilə müvəqqəti olaraq Qazaxıstan ərazisinə gətirilmiş, gömrük rəsmiləşməsindən keçməmiş, gömrük rüsumları və vergiləri ödənilməmiş avtomobillərin dövlət uçotuna alınması faktları müşahidə edilir”, - Komitə nümayəndəsi deyib.

Əsasən Gürcüstan və Azərbaycan vətəndaşları öz avtomobillərini şəxsi istifadə üçün Qazaxıstan ərazisinə keçirdikdən bir müddət sonra ölkəni tərk edirlər.

“Bu, düşünməyə əsas verir ki, bu cür nəqliyyat vasitələri Qazaxıstan vətəndaşına təhvil verilmək və ya gömrük rüsumları, vergi ödəmədən Qazaxıstan ərazisində uçota qoyulmaq üçün Aİİ ərazisinə gətirilib. İndiyədək Komitə tərəfindən gömrük rüsumları və vergilər ödənilmədən Qazaxıstanda uçota alınmış 156 nəqliyyat vasitəsi müəyyən edilib”, - qurumdan bildiriblər.

Bununla əlaqədar olaraq, Komitə bəyan edir ki, müvəqqəti olaraq ölkə ərazisinə gətirilmiş nəqliyyat vasitələrini almaq, həmçinin Qazaxıstan Respublikasında istismar etmək yalnız gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən və müvafiq olaraq, gömrük rüsumları və vergilər ödənildikdən sonra mümkündür.

Comment