Prezident: "Azərbaycanla Gürcüstan arasında siyasi əlaqələrin gücləndirilməsi bütün region üçün önəmlidir"

"Hörmətli cənab Baş nazir, sizi görmək çox xoşdur. Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə yenidən görməyə şadam. Biz bu il artıq ikinci dəfədir ki, görüşürük. Həmçinin bizim ikitərəfli münasibətlərimizin mühüm məsələlərinin müzakirəsini apardığımız bir neçə telefon danışığımız olub. Bu gün biz dialoqumuzu davam etdirəcəyik. İki qardaş ölkə arasında siyasi dialoq həmişə fəal olub və indi də fəal olmaqda davam edir. Biz xarici siyasətlə bağlı məsələlərdə sıx əməkdaşlıq edirik, xüsusilə indi yeni çağırış və imkanlar olan regionumuzda".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Bakıda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə deyib.

"Əlbəttə ki, ölkələrimiz arasında siyasi əlaqələrin gücləndirilməsi nəinki təkcə bizim xalqlarımız üçün, eyni zamanda, bütün region üçün önəmlidir. Mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, iqtisadi inkişaf sahəsində bizdə yaxşı irəliləyiş var, ticarət dövriyyəsi artır. Bu gün hökumətlərarası komissiyanın iclası olacaq. Mən əminəm ki, bu iclasda bir çox mühüm sahələr əhatə olunacaq, görülmüş işlərə nəzər salınacaq və gələcək addımlarımız planlaşdırılacaq", - dövlət başçısı bildirib.

Comment